Ağdaşda ”Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirildi
10 may 2014-cü il tarixdə saat 11-00-da Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə ”Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirilmişdir.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə Azərbaycan ailələrinin həyatını əks etdirən qısametrajlı filmlərin nümayişi keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov açmışdır.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək respublikamızda qadın problemləri ilə bağlı görülən işlər barədə məlumat vermiş, müasir ailələrin üzləşdikləri problemlərdən söz açaraq milli mənəvi dəyərlərin qorunub ötürülməsində yaşlı nəslin təcrübəsindən daha çox istifadə edilməsinin vacibliyini vurğulamış, ailə dəyərlərinin qorunmasında dövlət və qeyri-hökumət strukturlarının, ağsaqqal və ağbirçəklərin, eyni zamanda cəmiyyəti narahat edən bu problemin həll edilməsində cəmiyyətin bütün üzvlərinin səfərbər oluunmasının vacib məsələ olduğunu qeyd etmişdir.
Əməkdar müəllim Tənzilə Şıxıyeva və rayon Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev çıxış edərək valideynlərin öz ailələrinə məsuliyyətlə yanaşması, xüsusi ilə ailə başçısının öz mədəniyyəti, tərbiyəsi ilə nümunə olmasını, eyni zamanda gənclərin təhsillənməsi, ailə münasibətlərinin formalaşması və inkişafında daha çox yaşlıların təcrübəsindən faydalanmağın əhəmiyyətini qeyd etmişlər.
Gənc nəslin nümayəndəsi Camal Xəlilov öz çıxışında ailə həyatı qurarkən yaşlı nəslin məsləhətindən mütləq istifadənin zəruri olmasının vacibliyini qeyd etmiş, bu tipli tədbirlərin davamlı olmasını arzulamışdır.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vətəndaşların onların qarşılaşdıqları problemləri ilə bağlı sualları cavablandırmış, problemi olan vətəndaşları qəbul etmişdir.
Tədbirin sonunda iştirakçılara Komitə tərəfindən çap olunmuş kitab, buklet və jurnallar paylanılmış, təhsil, mədəniyyət müəssisələri və gənclər təşkilatlarında nümayiş etdirilməsi nəzərdə tutulan filmlərin diskləri təqdim olunmuşdur.