Ağdaşda 15-sentyabr- Bilik günü qeyd olunmuşdur.
Sentyabrın 15-də rayonda çoxminli təhsil ictimaiyyəti tərəfindən bütün təhsil müəssisələrində Bilik günü geniş qeyd olunmuş, yeni tədris ili başlanmışdır.
Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana-yeni məktəb” layihəsi çərçivəsində rayonda 1 məktəbəqədər tərbiyə müəssisəsi, 16 yeni məktəb tikilmiş, 7 məktəbdə əlavə sinif otaqları inşa edilmiş, 6 məktəb və 2 məktəbəqədər uşaq tərbiyə müəsssəsi əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmişdir.
Məktəb infrastrukturunun yeniləşdirilməsi istiqamətində tədbirlər 2014-cü il ərzində də davam etdirilmiş, 5 yaşayış məntəqəsi-Birici Aral, Tofiqi, Qarağanşıxlar, Qülbəndə və Ərəbşəki kəndlərində ümumi şagird yeri 880 nəfər olmaqla inşa edilən məktəblərdə son tamamlama artıq başa çatmaq üzrədir.
Yeni dərs ili ərəfəsində rayonda inşası başa çatmış Birinci Aral kəndində 220 şagird yerlik tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilmişdir. “Bilik günü”ndə keçirilən həmin tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov və çıxış edən digər natiqlər rayonda təhsilin inkişafına göstərdikləri hərtərəfli diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq hisslərini ifadə etmişlər. Qeyd olunmuşdur ki, 2014-cü ildə rayonda tam orta təhsilini başa vurmuş 245 nəfər məzun tələbə adını qazanmış, onlardan 35 nəfəri qəbul imtahanlarında 500-700 intervalında yüksək bal toplamışdır. M. İsayev adına şəhər tam orta məktəbin məzunu Günay Ramazan qızı Novruzlu III ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarında yüksək nəticə əldə etdiyinə görə Prezident təqaüdünə layiq görülmüşdür.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” laihəsinə uyğun olaraq həyata keçirilən humanist aksiya çərcivəsində cari dərs ilində də ümumi təhsil müəssisələrində məktəbə ilk dəfə qədəm qoyan 1600 nəfər birinci sinif şagirdlərinə çanta və tədris ləvazimatları təqdim olunmuşdur.
Bilik günü münasibətilə ənənəyə uyğun olaraq rayonda keçirilən tədbirlərdə rayon icra hakimiyyəti aparatının məsul nümayəndələri, ərazi icra nümayəndələri idarə müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, QHT və KİV-lərin nümayəndələri iştirak etmişlər.