Ağdaşda təhsil işçilərinin konfransı keçirilmişdir.
05 sentyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ağdaş rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Lütvü Paşayev 2013/2014-cü dərs ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, rayonun təhsil işçiləri dövlət başçısının təhsilə olan diqqət və qayğısına cavab olaraq təhsilin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirmişlər. Qeyd olunmuşdur ki, 2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin tam orta təhsil pilləsini bitirmiş məzunlardan yüksək tədris nailiyyətlərinə görə 2 nəfər qızıl medala layiq görülmüş, 245 nəfər isə ölkənin ali məktəblərinə qəbul olunmuşlar.
Məruzə ətrafında müzakirələrdə S.Vurğun adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aygün Mahmudova, M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, Nizami adına tam orta məktəbin müəllimi Vüsalə Əliyeva, Azərbaycan Dillər Universitetinin birinci kurs tələbəsi Aytən Gözəlova çıxış etmişlər.
Konfransın işində iştirak edən Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək ötən dərs ilində təhsil sahəsində yaranmış mövcud problemlərə və nöqsanlara toxunaraq onların aradan qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsini diqqətə çatdırmışdır.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etmiş, rayonda təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etmiş, yeni dərs ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin daha da canlandırılmasını vacibliyini qeyd etmişdir.
Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr əldə etmiş məzunlara rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Konfransda rayonun təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciət qəbul edilmişdir.