31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər yekunlaşdı.
1918-ci il azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı Ağdaş rayonunun əmək kollektivləri, bütün tipdən olan təhsil müəssisələri və mədəniyyət ocaqlarında karantin qaydalarının tələbləri gözlənilməklə tədbirlər, rəsm və kitab sərgiləri təşkil olunmuşdur.
Martın 31-də rayonun bütün ümumtəhsil məktəblərində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
Keçirilən tədbirlərdə qeyd olunmuşdur ki, 1918-ci ilin mart ayında Bakı şəhəri və Azərbaycanın bir sıra bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrindən 104 il keçir. Qanlı faciələr zamanı minlərlə dinc azərbaycanlılar və ölkəmizdə yaşayan bir sıra digər xalqlar ən amansız terror və deportasiyaya məruz qalmışdır. Xalqımıza qarşı törədilən bu qanlı cinayət erməni vandalizminin aşkar nümunəsi olmasına baxmayaraq, tariximizin ən qanlı səhifələrindən biri olmaq etibarı ilə sovet dönəmində uzun müddət ört-basdır edilərək gizli saxlanılmışdır.
Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərin yekunu olaraq 31 mart 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Heydər Əliyev Mərkəzinin kiçik konfrans zalında davam edən tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, 1918-ci ilin mart soyqırımına həsr olunmuş sənədl film nümayiş etdirildi.
Çıxışlarda qeyd edildi ki, bu faciə əsl siyasi və hüquqi qiymətini xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə tarixi qayıdışından sonra almışdır.
Azərbaycanın müasir tarixində azərbaycanlıların soyqırım günü kimi qeyd olunan bu hadisələrin öyrənilməsi və tədqiqi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Onun məqsədyönlü fəaliyyəti nəticəsində erməni vandalizminə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər dünya azərbaycanlılarının arasında birlik və həmrəyliyi getdikcə möhkəmləndirir.