Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə etdi.

10 noyabr 2020 | 11:00

Noyabrın 10-u  ölkəmiz üçün tarixi bir gün oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu.    
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. 
Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş edilməklə, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.
Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.
Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsi oldu. 
Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. 
Siyasi müxalifət  bu dövrdə yüksək şüur nümunəsi göstərdi.
Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz.
Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
Azərbaycan xalqı   27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişiklikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Azərbaycan xalqı qələbə bayramı qeyd edir, ermənilər parlament və hökumət binalarını dağıdır.
Prezidentə yazılan məktublarda deyilir ki, mülki vətəndaşların evi dağılıb, malı batıb, yaxınlarını itirib, yenə də deyirlər ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Ali Baş Komandan, irəli!
Bu günlərdə bütün Azərbaycan xalqının birliyini gördük.  Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib.
Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz!
Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir.
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi.  
Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq.
Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır.
İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq.
Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.
Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi.
Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər