Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı maarifləndirmə tədbiri keçirildi

13 iyun 2018 | 11:00

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Ağdaşda qadınlar üçün növbəti məlumatlandırma sessiyası təşkil edib. “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınlar arasında ictimai məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində 13 iyun 2018-ci il tarixdə rayon Gənclər və İdman idarəsində təşkil olunan tədbirdə Ağdaş rayonundan olan 32 nəfər qadın iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Gənclər və İdman idarəsinin rəis müavini Samir İsrafilov keçirilən tədbirin əhalinin maaifləndirilməsi üçün əhəmiyyətindən danışıb.
Daha sonra söz alan təşkilat sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir: “Layihənin məqsədi respublikamızda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının region sakinlərinə çatdırılması, HSŞ-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və HSŞ-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Bu gün keçirilən tədbirdə sizlərə respublikamızda Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ictimai nəzarətin artırılmasının əhəmiyyəti, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı ilə bağlı məlumat veriləcək”.
Daha sonra tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Azər Mehtiyev məruzə ilə çıxış edib.
Dünyanın təbii sərvətlərlə zəngin ölkələrinin təcrübəsindən danışan ekspert bu sərvətlərdən səmərəsiz istifadənin insanları yoxsulluğa sürüklədiyini qeyd edib: “Tədqiqatlar göstərir ki, zəngin mineral resurslara malik ölkələr arasında yalnız Norveç, ABŞ və Kanada bu resurslardan əldə edilən gəlirlərin istifadəsində effektivlik nümayiş etdirə bilib. Bu, həmin ölkələrin oturuşmuş keyfiyyətli institutlara malik olmaları ilə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və bir qədər də Küveytdə neft ehtiyatlarının adambaşına düşən həcminin son dərəcə yüksək olması hesabına renta yönümlü dövlətə çevrilərək yüksək istehlak səviyyəsinə çıxıblar, lakin bu ölkələrdə də iqtisadiyyat neft sektorunun asılılığına düşüb. Demək olar, qalan bütün ölkələrdə “resursların lənəti” sindromu bu və ya başqa formada özünü güstərib. Bu səbəbdən əksər ölkələr  “resursların lənəti” sindromu ilə üzləşməmək üçün mədən hasilatından əldə olunan gəlirlər üzərində şəffaflığın təmin edilməsinə çalışır”.
Ekspert vurğulayıb ki, təbii resurs gəlirlərində şəffaflıq ictimaiyyətin və ümumiyyətlə hər bir vətəndaşın məlumatlılığının, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsindən asılıdır: “Azərbaycan da bu sahədə şəffaflığın təmin edilməsində maraqlıdır. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan ilk ölkələrdən biridir. Ölkəmiz 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2013-cü ildə isə MHŞT sahəsində yeni standart qəbul edildi. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunandan sonra, hökumət ölkənin MHŞT-ni tərk etdiyini bəyan etdi. Amma Azərbaycan MHŞT prinsiplərinə sadiq qalacağını elan etdi. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.
Ekspert daha sonra iştirakçılara Azərbaycanın 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı  barədə məlumat verib.
“Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınların məlumatlı olmasının əhəmiyyətinə toxunan A.Mehtiyev sonda mövzu ilə bağlı sualları cavablandırıb.

Keçidlər