Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yubiley tədbiri keçirildi.

20 dekabr 2016 | 11:00

17 dekabr 2016-cı il tarixdə  Habil Əliyev adına Ağdaş şəhər Musiqi məktəbində   muğam, xalq və bəstəkar mahnılarının görkəmli ifaçılarından biri, ölkəmizin ən məşhur musiqi məbədi olan M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının uzun illər ərzində aparıcı solisti olmuş mərhum xanəndə Ramiz Hacıyevin anadan olmasının  80 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Yubiley mərasimindən öncə iştirakçılar məktəbin foyesində xanəndənin həyatı və  konsert ifaçılığını əks etdirən sərgi ilə tanış olmuşdur.
Yubiley tədbirində rayon ictimaiyyətinin nümayəndələri, xanəndənin ailə üzvləri, qohumları, Bakı şəhərində yaşayan ağdaşlı ziyalıların bir qrupu, yubliyarın sənət dostları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdir.
Milli Məclisin deputatı Çingiz Qənizadə, xalq artisti Munis Şərifov, əməkdar artist, tarzən Vamiq Məmmədəliyev, yazıçı-dramaturq Xeyrəddin Qoca və çıxış edən digər natiqlər tərəfindən  Ramiz  Hacıyevin xanəndəlik sənətinin bütün incəliklərinə məharətlə yiyələnən ifaçı, gözəl insani keyfiyyətlərə malik olan bir ziyalı insan olduğu dəyərləndirilməklə, gözəl səs tembri, təmiz, saf və məlahətli səsi ilə dinləyici qəlbinə dərindən nüfuz etməsi qeyd olunmuş, səsinin özünəməxsus çalarları, xırdalıqları və melodik ahəngdarlığı ilə muğamlarımızın milli koloriti, nikbin və mübariz ruhunu parlaq şəkildə əks etdirməsi, insanları əlvan musiqi dünyasından yetərincə zövq almağa, mənalı ömür sürməyə sövq edən sənət  inciləri yaratdığı diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, şərq musiqisinin böyük bilicisi və mütəfəkkirlərindən biri sayılan Seyid Şuşinskinin layiqli tələbəsi olan Ramiz Hacıyev gənc yaşlarından korifey muğam ifaçıları Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Sara Qədimova, Şövkət Ələkbərova, Əlibaba Məmmədov və digər ünlü sənətçilərlə uzun illər bir səhnəni bölüşmüş, fitri istedadı, ecazkar səsi ilə könülləri məftun etmişdir.Bildirilmişdir ki, unudulmaz xanəndə silsilə solo konsert ifaçılığı, görkəmli sənət ustaları ilə birgə respublikamızın şəhər və rayonları, həmçinin keçmiş sovetlər birliyinə daxil olan respublikalara qastrol səfərləri zamanı, o cümlədən İran İslam Respublikasında ustad xanəndə mədəniyyətimizi layiqincə təmsil etmiş, el şənliklərinin bəzəyinə çevrilməklə xalq məhəbbəti və böyük pərəstişkarlar auditoriyası qazanmış, rayonda keçirilən tədbirlərin  fəal iştirakçılarından biri olmuşdur.Xanəndənin muğam musiqisinin təbliği, mədəniyyətimizin tarixindəki yeri və xidmətləri  barədə istedadlı sənətşünaslar tərəfindən nəşr olunan onlarla kitab və digər mətbu orqanlarında çoxsaylı yazılar yer almış, yaradıcılıq yolu ilə bağlı radio və televiziya kanallarında verilişlər təqdim olunmuş, mənalı həyat yolu və parlaq yaradıcılığına həsr edilən sənədli film çəkilərək tamaşaçıların ixtiyarına verilmişdir.Xanəndənin adı Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan “Muğam antologiyası”nın 2-ci albomunda milli musiqimizin rəmzi sayılan sənətkarlarla bir sırada yer alaraq əbədiləşdirilmişdir.Mərhum sənətkarın ailəsi adından çıxış edən həyat yoldaşı Almaz Hacıyeva xanəndənin sənətinə göstərilən hörmət və ehtirama  görə tədbirin bütün təşkilatçıları və iştirakçılarına minnətdarlıq hisslərini ifadə etmişdir.Tədbir  boyunca  görkəmli muğam ustasının ifaçılıq fəaliyyətinin müəyyən dövrü ilə bağlı lent yazıları səsləndirilmiş, məktəbin istedadlı müəllim və şagirdlərinin ifasında repertuarından seçmələr təqdim edilmiş xalq artisti Munis Şərifovun rəhbərliyi ilə Qədim musiqi alətləri ansamblı və ansamblın solisti Hüseyn Məlikovun ifasında muğam parçaları təqdim olunmuşdur. Musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.  

 

Keçidlər