Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirildi.

04 iyun 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq kənd təsərrüfatı işlərinin gedişi, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəkləri, həmçinin aqrar sektorun inkişaf perspektivlərini öyrənmək və operativ tədbirlər görmək məqsədilə yaradılan işçi qrupunun üzvləri iyunun 1-də Ağdaş rayonunda olublar.
İşçi qrupunun rəhbəri, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun digər üzvləri və rayon rəhbərliyi əvvəlcə Abad, Ağzıbir və Pirəzə kəndlərində pambıqçılıq və baramaçılıqla məşğul olan kəndli fermer təsərrüfatlarına, taxıl əkini sahələrinə baxış keçirib, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
  Sonra rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Ağdaşda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda işlərin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, kənd təsərrüfatının perspektivlərindən danışıb.
O, çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər görülüb. Bu il 1154 hektar sahədə pambıq əkilib. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş ipəkqurdu toxumları gətirilərək yerli kümçülərə paylanılıb. Artıq bir neçə gündən sonra barama tədarükünə başlanılacaq.
Taxıl biçini kampaniyasının gedişi barədə məlumat verən icra hakimiyyətinin başçısı deyib ki, indiyədək 200 hektar sahədə arpa biçilib. Hər hektarda məhsuldarlıq 27-29 sentnerdir. Biçinə 45 kombayn və digər kənd təsərrüfatı texnikaları cəlb edilib.
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib.
Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, kənd təsərrüfatı texnikalarının alınması, toxum və gübrə ilə təminat və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Müşavirədə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin böyük məsləhətçisi Ruslan Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini bildirmiş fermerlərin və sahibkarların suallarını cavablandırmışlar.

Keçidlər