Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda əməkdar müəllimin yubileyi qeyd olundu.

20 iyun 2022 | 11:07

Ömrünün böyük bir hissəsini təhsilə və onun idarəçiliyinə sərf edən, əmək fəaliyyəti dövründə rayonun ictimai-mədəni həyatında fəal iştirak edən, sağlam düşüncəli mövqeyi ilə daim örnək olan qabaqcıl təhsil işçisi Tənzilə Ağabala qızı Şıxıyevanın 80 yaşı tamam olmuşdur. Müxtəlif fəaliyyət sferaları üçün kadrların hazırlanmasında peşəkar fəaliyyəti ona respublika pedaqoji ictimaiyyəti arasında böyük hörmət və nüfuz qazandırmışdır. Səmərəli fəaliyyəti müxtəlif dövlət qurumları tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, Prezidentin sərəncamları ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Çoxsaylı  qurultay və digər respublika əhəmiyyətli  tədbirlərdə rayonu uğurla təmsil etmişdir. Hazırda ömrünün müdrik çağında olmasına baxmayaraq rayonun ictimai həyatında  fəal iştirak edir. Bu münasibətlə Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində yubiley tədbiri keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yubilyarın həmkarları və qonaqlar iştirak edirdi. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək Tənzilə Şıxıyevanın əmək fəaliyyətinə toxunaraq onun rayon ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibinə çevrildiyi, eyni zamanda orta ixtisas təhsili sahəsində kadr hazırlığı işində uzun illər böyük əmək sərf etdiyini diqqətə çatdırmışdır. Rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakı, təhsilin idarəçiliyində  uzun müddət səmərəli fəaliyyəti və  anadan olmasının 80 illiyi münasibətilə yubilyara rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim edilmişdir. Tədbirdə çıxış edənlər Tənzilə Şıxıyevaya təbriklərini çatdırmış, ona uzun ömür, möhkəm  cansağlığı diləmişlər. Musiqi məktəbinin ansamblı və solistlərinin ifasında tədbir boyunca maraqlı konsert proqramı nümayiş etdirilmişdir. Göstərilən diqqət və qayğıya görə yubilyar tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, bundan sonrakı illərdə də rayonda ictimai fəaliyyətinin daha da gücləndirilməsi üçün bütün qüvvəsini sərf edəcəyini bildirmişdir.

Keçidlər