Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Dirçəlişdən Zəfərə” adlı konsert proqramı keçirildi.

18 noyabr 2022 | 17:26

17 noyabr 2022-ci il tarixində Ağdaş Rayon İcra Hakimiyyəti, Ağdaş Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Şuşa ili” və 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Dirçəlişdən Zəfərə” adlı konsert proqramı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başıçısının birinci müavini İsmayıl Yusifzadə,  Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konsert proqramının aparıcısı tərəfindən qeyd olunmuşdur ki, Milli Dirçəliş prosesləri indi ölkəmizdə ən yüksək mərhələyə daxil olub.  Bu mərhələnin ən önəmli dövrü 2020-ci ilin sentyabr ayının 27-dən etibarən torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə əlaqədar savaşın başlaması ilə yaddaşlarda qalacaqdır. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Konsert proqramının təqdimatı başlayıb. Səhnədə Sumqayıt Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət xalq çalğı alətləri ansamblı, kamera orkestri və xor kollektivinin ifasında xalq, bəstəkar mahnıları və simfonik əsərlərdən ibarət musiqi çələngi tamaşaçılara təqdim olunub. Tədbir boyunca kollecin müəllimi tərəfindən bəstələnmiş “Ağdaşım” mahnısı gənc müğənninin ifasında tamaşaçıların alqışları ilə qarşılanıb. Konsert proqramına daxil edilən hər bir musiqi nömrəsi, solo ifalar və xor kollektivinin bir-birindən maraqlı ifaları tamaşaçıların hərarətli alqışlarına səbəb olub, ifaçılara gül-çiçək dəstələri təqdim edilib. Tədbirin yekununda konsert proqramının təşkilində xüsusilə fərqləndiklərinə görə Sumqayıt Musiqi Kollecinin rəhbərliyi və kollektivinə minnətdarlıq ifadə olunub, kollecin və kamera orkestrinin musiqi rəhbərinə regional mədəniyyət idarəsinin adından rəsmi “Təşəkkürnamə”lər təqdim edilib.

 

Keçidlər