Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda “2 fevral Gənclər günü” qeyd edildi

03 fevral 2014 | 11:00

2 fevral – Gənclər günü respublikamızın hər yerində olduğu kimi, Ağdaşda da təntənə ilə qeyd olundu. Bu münasibətlə 31 yanvar 2014-cü il tarixdə saat 11:00-da “Ay İşığı“ şadlıq sarayında şənlik keçirildi.
Şənlikdən əvvəl tədbir iştirakçıları Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Tədbirdə rayon ictimaiyyəti nümayəndələri, ziyalılar və 300 nəfər fəal rayon gənci iştirak etmişdir.
Şənlikdə ilk olaraq Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək iştirakçıları salamladı, idarə tərəfindən 2013-cü ildə Gənclər və idman sahəsində görülmüş işlər, rayonda aparılan gənclər siyasəti və hazırda gənclərin sosial vəziyyəti haqqında məlumat verdi.
Sonra Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. O, Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunaraq bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər günü Azərbaycanda qeyd olunmağa başlanmışdır. Cavid Osmanov vurğulamışdır ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın gənclərin ictimai fəallığının artmasında və dövlət idarəçiliyində aparıcı qüvvəyə çevrilməsində, onların sosial problemlərinin həllində mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş Dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına, yarışlarda yüksək nəticələr əldə etdiklərinə görə bir qrup gənclərə diplom və hədiyyələr təqdim olundu.
Şənlik geniş konsert proqramı, sual cavab yarışması, rəqs müsabiqələri ilə davam etmiş və qaliblərə xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər