Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirmişdir.

31 yanvar 2013 | 11:00

Görüş 30 yanvar 2013-cü il tarixdə saat 11:00-da Ağdaş rayon İcra hakimiyyətində keçirilmişdir. Görüşdə aidiyyatı dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 120 nəfər Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov görüşdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır. O çıxışında bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda tikilmiş 48 mənzilli binadan 22 şəhid ailəsinə, 25 Qarabağ əlilinə ev verilmiş, 13 nəfər Qarabağ əlilinə Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi ev tikilmiş və 24 nəfər Qarabağ əlilinə isə “Oka” markalı maşın verilmişdir. Bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bildirmişdir ki, 202 ailə üçün yeni mənzillərin tikintisi barədə lahiyə hazırlanmışdır.
Sonra çıxış edən natiqlər qeyd etdilər ki, respublikamızın hər yerində olduğu kimi, Ağdaşda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsini əbədiləşdirmək üçün bir sıra ümumtəhsil məktəblərinə və küçələrə şəhidlərin adı verilmişdir. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Ağdaş şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə “Şəhidlər xiyabanı” tamamilə yenidən qurulmuşdur.
Tədbirdə sözügedən kateqoriyadan olan insanların üzləşdiyi problemləri, arzu və təkliflərini dinlənilmiş, qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin həlli üçün isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonda isə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin nümayəndələri övladlarının xatirəsini əziz tutaraq onların adlarının əbədiləşdirilməsinə, ailə üzvlərinin mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdarlıq etdilər.
 

Keçidlər