Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü tədbirlərlə qeyd olundu.

01 iyun 2017 | 11:00

  Tədbirlərə 1 iyun 2017-ci il tarixdə saat 9:00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin qarşısında, ulu öndər Heydər Əliyevin abidəsi önündəki meydanda start verildi.
Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən, 68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar  təhsil müəssisəsi kollektivlərinin qatıldığı bilik sərgisində 19 bölmə üzrə 1500 nəfərə yaxın şagirdin  nailiyyətləri nümayiş etdirilirdi.
  Sərgi zamanı şagirdlər seçdikləri fənlər və məktəbdənkənar  fəaliyyətləri ilə bağlı hazırladıqları layihələr barədə ətraflı məlumat verməklə yanaşı, iştirakçılara  Azərbaycan dili, ədəbiyyat,  fizika,  kimya, biologiya,  fiziki tərbiyə, texnologiya fənlərinə aid təcrübi sınaqları, əl işləri, idman, hərbi-vətənpərvərlik tərbiyəsinə aid  bilik və bacarıqlarını əyani şəkildə sərgiləyirdi.
  Rayonun flora və faunasına aid  olan bitki və heyvanat aləminin əyani  və canlı şəkildə nümayişi,  kürqırağı ərazidə vaxtilə ərzaq məhsulu kimi istifadə olunan bılıx meyvəsi, tarixi keçmişimizi əks etdirən qədim alətlər, qab-qacaqlar, şagirdlərin respublika bilik yarışmalarında iştirakını əks etdirən diplom  və fəxri fərmanlar iştirakçılarda böyük maraq doğurdu.
Tədbir boyunca məktəblilərin ifasında şən rəqslər, oynaq mahnılar, idmançıların akrobatik hərəkətləri, stolüstü idman oyunları üzrə yarışmalar tədbirdə qonaq qismində  iştirak edən rayon sakinlərində xoş ovqat yaratdı.
Həmin gün ərzində 11 saylı körpələr evi-uşaq bağçasında Uşaqları Beynəlxalq  Müdafiə gününə həsr edilən tədbir keçirildi. Tədbirdə uşaqların  ifasında Vətənə, dövlətə aid şeirlər  səsləndi.  Uşaqlar  musiqi sədaları altında  şən rəqslər etdilər.
Tədbir əhalinin daha çox yaşadığı, çoxmərtəbəli yaşayış binasının qarşısında yeni salınan uşaq meydançasında  maraqlı oyun və gəzinti ilə başa çatdı.
Şəhər sakinləri uşaqlar üçün yaradılan şəraitə  görə minnətdarlıq hisslərini ifadə etdilər.

Keçidlər